Abşeron rayonunun Masazır qəsəbəsi, Niyazi küçəsində aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Xəbər Yerində-nin məlumatına görə, sakinlər iddia edirlər ki, tikinti şirkəti əvvəlcə ərazidə üçmərtəbəli bina inşa edəcəyini bildirib. Lakin sonradan binanın mərtəbələrinin sayı artırılıb və hazırda tikinti səkkizinci mərtəbəyə çatıb.
Vətəndaşların sözlərinə görə, tikilinin hündürlüyünün artması onların həyətlərindən rahat istifadə etməsinə də mane olur. Onlar binanın evlərə çox yaxın inşa edildiyini və bunun təhlükəsizlik baxımından narahatlıq yaratdığını bildirirlər.
Sakinlər həmçinin tikinti işləri zamanı küçədəki yol örtüyünün yararsız vəziyyətə düşdüyünü, kanalizasiya xəttinin zədələndiyini qeyd edirlər. Onların sözlərinə görə, kanalizasiya sularının əraziyə axması nəticəsində küçədən keçmək çətinləşib.
Şikayətçilər tikinti zamanı ağacların da kəsildiyini və quruduğunu iddia edirlər. Onların sözlərinə görə, ərazidə əvvəl çoxsaylı ağaclar olsa da, hazırda cəmi bir neçə ağac qalıb.
Sakinlərdən biri deyib ki, tikinti ilə bağlı onlara əvvəlcə üçmərtəbəli bina vəd olunub:
“Bizə əvvəlcə üçmərtəbəli binanın tikiləcəyi deyilib, lakin artıq səkkizinci mərtəbə tikilir. Bina ilə evimizin arasında cəmi 2-3 metr məsafə var. Təhlükəyə görə həyətə çıxmağa, uşaqları buraxmağa qorxuruq. Ərazidəki ağaclar kəsilib, yolumuz dağılıb”.
Sakinlər bildirirlər ki, onların əsas tələbi təzminat deyil. Onlar küçənin bərpa olunmasını, təhlükəsizliyin təmin edilməsini və tikintinin dayandırılmasını və ya əvvəlki razılaşmaya uyğun olaraq üç mərtəbə ilə məhdudlaşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə: BakuTv

