Bakının Xətai rayonunda şadlıq evinin qarşısında kütləvi dava baş verib.
Xeber Yerinde “Xəzər” TV-yə istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik Palace” restoranının qarşısında qeydə alınıb.
Sakinlər restoranın fəaliyyətindən narazı olduqlarını, toy mərasimləri keçirilən zaman ərazidə tez-tez insidentlərin yaşandığını və səs-küy yarandığını bildiriblər.
Sakinlərdən biri qeyd edib ki, toy olan günlərdə əraziyə girib-çıxmaq çətinləşir:
“Toy olanda bura girib-çıxmaq çox çətin olur”.
Digər sakin isə restoranın qarşısında davaların tez-tez baş verdiyini deyib:
“Toy başlayandan hər gün orada davadır. Söyüş söyürlər”.
Başqa bir sakin isə mağazaya getmək üçün belə toyların başlama vaxtını nəzərə aldıqlarını bildirib:
“Mağazaya getmək üçün toyun başlaması vaxtına diqqət edirik ki, orada bir problemlə qarşılaşmayaq”.
Sakinlərin iradlarına restoranın direktor müavini Elçin Abbasxanov münasibət bildirib. O deyib ki, son hadisə restoran əməkdaşları ilə müştərilər arasında baş verməyib:
“Son hadisənin əks olunduğu videoda restoran işçiləri ilə müştəri arasında baş verən dava görüntülənməyib. Bu hadisə toydan sonra sərxoş qohumlar arasında baş verib. Biz də müvafiq qurumlara dərhal məlumat verdik. Sakinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. İnanırıq ki, bir də baş verməz”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir qrup şəxs arasında baş vermiş insidentlə bağlı ərazi polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə baxış keçirib, şahidlər dindirilib. Hazırda insidentin bütün hallarının və başvermə səbəblərinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri təhqiqat tədbirləri davam etdirilir.

