Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı təsdiqlənib. Sənəddə regionlara turist axınının artırılması, yeni turizm zonalarının yaradılması və nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra mühüm hədəflər müəyyənləşdirilib.
Proqram çərçivəsində 2027–2030-cu illərdə Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur.
3 yeni turizm zonası yaradılacaq
Yeni zonaların hər birində ən azı 3 turizm mərkəzinin formalaşdırılması planlaşdırılır.
Seçiləcək ərazilərdə yollar, mühəndis-kommunikasiya xətləri, sosial, inzibati və digər zəruri infrastruktur yaradılacaq. Daha sonra həmin ərazilərə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
8 yeni dağ-piyada marşrutu hazırlanacaq
Dağ turizminin inkişafı da Dövlət Proqramında xüsusi yer tutur.
Hazırda ölkədə mövcud olan 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə olaraq 8 yeni dağ-piyada marşrutu müəyyənləşdirilərək nişanlanacaq və rəqəmsal xəritələrə daxil ediləcək.
Seçilmiş marşrutlarda turistlərin istifadəsi üçün baza düşərgələri və yüngül turizm infrastrukturu yaradılacaq.
Sağlamlıq turizmi üçün ayrıca strategiya hazırlanacaq
2026–2030-cu illərdə Azərbaycanda sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması da planlaşdırılır.
Sənədə əsasən, strategiya Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Dövlət Turizm Agentliyi və TƏBİB-in iştirakı ilə hazırlanacaq.
Regionlara turist aparmaq üçün nəqliyyat imkanları artırılacaq
Dövlət Proqramında regionlara turist axınının stimullaşdırılması üçün nəqliyyat əlçatanlığının yaxşılaşdırılması da nəzərdə tutulur.
Əsas turizm məntəqələrinə avtomobil, avtobus və dəmir yolu əlaqələrinin genişləndirilməsi, həmçinin regionlarda turizm informasiya xidmətlərinin inkişaf etdirilməsi planlaşdırılır.
Turistlərin səfərlərini daha rahat planlaşdırması üçün yeni mexanizmlərin tətbiqi də gündəmdədir.
Naxçıvana səfərlər üçün yeni imkanlar
Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi də qarşıya qoyulan əsas hədəflərdəndir.
Bundan başqa, dəmir yolu biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq bilet paketlərinin, eləcə də ayrı-ayrı istiqamətlər üzrə güzəştli bilet təkliflərinin yaradılması nəzərdə tutulur.
Yeni tədbirlərin əsas məqsədi regionların turizm potensialından daha səmərəli istifadə etmək, turistlər üçün əlçatanlığı artırmaq və Azərbaycanda turizm infrastrukturunu genişləndirməkdir.

