Uqandada son Ebola xəstəsi sağaldı
Uqandada son təsdiqlənmiş Ebola xəstəsi xəstəxanadan evə buraxılıb. Bununla da ölkədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbinə uyğun olaraq 42 günlük müşahidə dövrü başlayıb. Bu müddətdə yeni yoluxma qeydə alınmasa, Uqanda rəsmi olaraq Eboladan azad ölkə elan ediləcək.
Xeberyerindenin xarici KİV-ə istinadən verdiyi xəbər görə, son epidemiya zamanı ölkədə 20 nəfər virusa yoluxub, 2 nəfər isə həyatını itirib.
Uqanda hökuməti Ebola ilə bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinin aradan qaldırılması üçün müxtəlif ölkələrlə danışıqlara başlayıb. Rəsmilər bildirirlər ki, bu məhdudiyyətlər turizmə, ticarətə və iqtisadi fəaliyyətə ciddi mənfi təsir göstərir.
Səhiyyə naziri Kris Baryomunsi vurğulayıb ki, ölkə hələ tam təhlükədən çıxmayıb. Onun sözlərinə görə, qonşu Konqo Demokratik Respublikasında Ebola yayılmaqda davam etdiyi üçün sərhədlərdə yüksək hazırlıq rejimi saxlanılır.
ÜST isə Uqandanın epidemiyaya operativ reaksiyasını yüksək qiymətləndirərək bildirib ki, əvvəlcədən görülən hazırlıq tədbirləri sayəsində ölüm faizi əvvəlki Ebola epidemiyaları ilə müqayisədə xeyli aşağı olub. Eyni zamanda, virusun Bundibuqyo ştammına qarşı yeni peyvəndlərin hazırlanması istiqamətində araşdırmalar davam edir.

