Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
Görüş zamanı diplomat etimadnaməsini dövlət başçısına təqdim edib.
Etimadnamənin təqdimatından sonra Prezident İlham Əliyev səfirlə fikir mübadiləsi aparıb. Dövlət başçısı Azərbaycanla Braziliya arasında formalaşmış dostluq münasibətlərini yüksək qiymətləndirərək, əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib. O, xüsusilə iqtisadiyyat, ticarət, investisiya və turizm istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsinin, eləcə də qarşılıqlı səfər və təmasların intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Prezident İlham Əliyev yeni diplomatik missiyasında Bernard Jorj Leopold de Qarsia Klinqlə uğurlar arzulayıb və onun fəaliyyətinin iki ölkə arasındakı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inandığını ifadə edib.
Braziliyanın yeni səfiri isə Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu dilə gətirib və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini böyük şərəf hesab etdiyini bildirib. O, Azərbaycan ilə Braziliya arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayıb.
Diplomat çıxışında hər iki ölkənin iqlim gündəliyi çərçivəsində, xüsusilə COP platformasında səmərəli əməkdaşlıq etdiyini qeyd edib. O, səfir kimi əsas məqsədinin siyasi dialoqu və müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək olduğunu söyləyib.
Görüş zamanı Azərbaycan və Braziliyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlıq həyata keçirdiyi diqqətə çatdırılıb. Tərəflər çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun gücləndirilməsinin hər iki ölkənin xarici siyasətində mühüm yer tutduğunu vurğulayıblar.
Mənbə: AZxəbər.com






