Ankara Şimali Kiprdə hərbi hazırlığı gücləndirir

Ankara Şimali Kiprdə hərbi hazırlığı gücləndirir

Türkiyə Şərqi Aralıq dənizində artan gərginlik fonunda Şimali Kiprdə hərbi hazırlıq səviyyəsini artırır.

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlament sorğusuna yazılı cavabında bildirib.

Nazirin sözlərinə görə, Ankara Kiprdə baş verən prosesləri yaxından izləyir və mümkün təhlükələrə qarşı hərbi hazırlıq səviyyəsini yenidən qiymətləndirir.

“Adadakı həssas tarazlığı qorumaq şərti ilə həm Türkiyənin, həm də Şimali Kiprin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hazırlığımızı yeniləyirik”, – deyə Gülər qeyd edib.

O bildirib ki, Türkiyə son dövrlərdə ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsini diqqətlə izləyir. Xüsusilə İsrailin Cənubi Kiprdəki fəaliyyətinin regional təhlükəsizliyə mümkün təsirləri Ankarada təhlil edilir.

Yaşar Gülər vurğulayıb ki, Türkiyə yaranan risklərə qarşı zəruri hərbi və siyasi tədbirlər görməyə davam edəcək.

Türkiyə mətbuatının yazdığına görə, son illərdə Cənubi Kipr Yunanıstan, İsrail, Fransa və ABŞ ilə birgə hərbi təlimlər keçirir, müdafiə sahəsində əməkdaşlığını genişləndirir. Ankara isə bu addımların Şərqi Aralıq dənizində mövcud balansı dəyişdirdiyini bildirir.

Nazir Şimali Kiprdə hansı konkret dəyişikliklərin ediləcəyini açıqlamayıb. O, əlavə hərbçilərin və ya yeni hərbi texnikanın bölgəyə göndərilib-göndərilməyəcəyinə dair də məlumat verməyib.

Qeyd edək ki, beynəlxalq qiymətləndirmələrə əsasən, hazırda Şimali Kiprdə təxminən 35 min Türkiyə hərbçisi xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir