Arizonada silahlı insident: 2 saat polislərə atəş açıb

Arizonada silahlı insident: 2 saat polislərə atəş açıb

ABŞ-ın Arizona ştatının Qlendeyl şəhərində silahlı şəxs evdə barrikada quraraq polis əməkdaşlarına atəş açıb.

Xeber Yerinde xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Polis əməkdaşları evdəki şəxslə danışıqlar aparmağa çalışsalar da, o, təslim olmayıb və polisə atəş açmağa davam edib.

Məlumata görə, şübhəli şəxs tüfənglə təxminən iki saat ərzində polis əməkdaşlarına atəş açıb. Nəticədə bir neçə polis avtomobilinə, o cümlədən zirehli SWAT maşınına güllə dəyib. Yaxınlıqdakı sakinlərə isə təhlükəsizlik məqsədilə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.

Xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı evə daxil olmaq üçün xüsusi texnikadan istifadə olunub. Atəş səsləri təxminən saat 18:00-da kəsilib.

Daha sonra evə pilotsuz uçuş aparatı göndərilib və şübhəlinin öldüyü müəyyənləşdirilib. Onun polis atəşi nəticəsində, yoxsa özünə atəş açması səbəbindən öldüyü hələ açıqlanmayıb.

Hadisə zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb və xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib. Sakinlər arasında xəsarət alan olmayıb.

Polis şübhəlinin 59 yaşlı kişi olduğunu açıqlasa da, onun kimliyini hələlik açıqlamayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir