“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda qeydə alınıb.
Avtomobil 70 metr məsafədə dərəyə yuvarlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hərəkətdə olan “VAZ-2121” markalı avtomobil yoldan çıxaraq təxminən 70 metr məsafədə dərəyə yuvarlanıb.
Nəticədə Reqloba kənd sakini, 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, qəzanın baş verməsinə yolun yağışlı hava şəraiti ilə əlaqədar sürüşkən olması səbəb ola bilər. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim işləyib.
Baş Dövlət Yol Polisi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar bu cür hadisələrin artması ehtimalını nəzərə alaraq sürücülərə xəbərdarlıq edib.
İdarə enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bildirərək sürücüləri yol və hava şəraitini daim diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa çağırıb.
Həmçinin sürücülərə avtomobillərinin texniki xüsusiyyətlərinin keçəcəkləri ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirmələri tövsiyə edilib.

