Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Xəbər Yerində xəbər verir ki, məktubda Azərbaycan xalqının tarixi Qələbəsi, ölkənin ərazi bütövlüyünün bərpası və iki dövlət arasında münasibətlərin inkişafı vurğulanıb.
“Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri gerçəkləşdi”
Şavkat Mirziyoyev təbrikində İlham Əliyevə və bütün Azərbaycan xalqına səmimi arzularını çatdırıb. O, Azərbaycanın altı il əvvəl tarixi ədaləti bərpa etdiyini və dövlətin ərazi bütövlüyünü təmin etdiyini qeyd edib.
Özbəkistan Prezidenti bu nailiyyətlərin İlham Əliyevin müdrik və ardıcıl siyasəti, yüksək rəhbərlik məharəti, Azərbaycanın siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi, eləcə də xalqın qəhrəmanlığı və mətanəti sayəsində əldə olunduğunu bildirib.
Mirziyoyev Zəfər Gününün Azərbaycanın sülh, sabitlik və tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
“Əbədi Dostluq haqqında Müqavilə mühüm addımdır”
Məktubda Azərbaycan və Özbəkistan arasında münasibətlərə də xüsusi yer ayrılıb. Mirziyoyev bu il Bakı, Daşkənd və Buxara şəhərlərində İlham Əliyevlə keçirdiyi görüşləri, səmərəli danışıqları və əldə olunan razılaşmaları ikitərəfli əlaqələrin tarixində yeni səhifə kimi qiymətləndirib.
O, xüsusilə Əbədi Dostluq haqqında Müqavilənin imzalanmasını ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım adlandırıb.
Özbəkistan Prezidenti birgə səylər nəticəsində iki ölkə arasındakı münasibətlərin xalqların rifahı naminə daha da dərinləşəcəyinə əminliyini bildirib.
Sonda Şavkat Mirziyoyev İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti və dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıb.

