Avstraliyada quş qripi yayılır: Yeni qadağa tətbiq edildi

Avstraliyada quş qripi yayılır: Yeni qadağa tətbiq edildi

Avstraliyanın Viktoriya ştatında quş qripinin yayılmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, ştat rəhbərliyi ölkədə ilk dəfə olaraq quşçuluq təsərrüfatlarında quşların qapalı şəraitdə saxlanılması barədə qərar qəbul edib.

Yeni qaydalar Melburn şəhəri, sahilyanı ərazilər və bəzi qonşu bölgələrdə 50 və daha çox ev quşu saxlayan təsərrüfatlara şamil olunacaq. İlkin mərhələdə məhdudiyyətin 14 gün qüvvədə qalacağı bildirilib.

Viktoriya ştatının rəsmisi Michaela Settle qeyd edib ki, tədbirin məqsədi ev quşlarının vəhşi quşlarla təmasını minimuma endirməkdir. Onun sözlərinə görə, hökumət bu addımın virusun daha geniş yayılmasının qarşısını alacağına ümid edir.

Avstraliyanın baş baytarı Beth Cookson isə bildirib ki, aparılan laborator müayinələr nəticəsində Viktoriya ştatında daha 20 yeni H5N1 quş qripi yoluxması təsdiqlənib. Bununla da ölkədə qeydə alınan təsdiqlənmiş yoluxma hallarının sayı 175-ə yüksəlib.

Xatırladaq ki, Avstraliyada H5N1 virusuna yoluxma ilə bağlı ilk şübhəli hal iyunun 19-da aşkarlanıb. İyulun 29-da isə virusun vəhşi quşlar arasında yerli şəkildə yayıldığı rəsmi olaraq təsdiqlənib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir