Xəbər Yerində xəbər verir ki, Azərbaycanda repetitorluq fəaliyyəti üçün ayrıca lisenziya tələb olunmasa da, bu fəaliyyət gəlir əldə etməyə yönəlmiş fərdi sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilir.
“Yenisabah”a istinadən yayılan məlumata görə, mövcud qanunvericiliyə əsasən, repetitorluqla məşğul olan şəxslər fəaliyyətə başlamazdan əvvəl vergi orqanında fərdi sahibkar kimi qeydiyyata alınmalı və VÖEN əldə etməlidirlər.
Qeydiyyatdan keçdikdən sonra repetitorların vergi öhdəlikləri seçdikləri vergi rejimindən və əldə etdikləri gəlirdən asılı olaraq müəyyənləşir. Onlar adətən sadələşdirilmiş vergi ödəyicisi kimi ümumi dövriyyənin 2 faizi həcmində vergi ödəyir və ya gəlir vergisi rejimi üzrə öhdəliklərini yerinə yetirirlər.
Bununla yanaşı, repetitorluq fəaliyyəti göstərən şəxslər hər ay müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları ödəməli, həmçinin rüblük vergi bəyannamələrini qanunla müəyyən olunan müddətdə vergi orqanına təqdim etməlidirlər.
VÖEN olmadan fəaliyyətə görə cərimə
Qanunvericiliklə müəyyən edilən vergi öhdəliklərinin pozulması maliyyə sanksiyalarının və inzibati cərimələrin tətbiqinə səbəb ola bilər.
Vergi orqanında uçota alınmaq üçün müəyyən olunmuş müddətdə ərizə təqdim etmədən, yəni VÖEN əldə etmədən fəaliyyət göstərən şəxslər Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sanksiyası ilə üzləşə bilərlər.
Vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə isə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər gecikdirilmiş bəyannamə üçün 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Gəliri gizlədənləri də cərimə gözləyir
Əldə edilən gəlirlərin bəyannamədə gizlədilməsi və ya az göstərilməsi operativ vergi nəzarəti zamanı müəyyənləşdirildikdə, azaldılmış və ya gizlədilmiş vergi məbləği bərpa edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq gizlədilmiş vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq olunur.
Vergilərin və məcburi dövlət sosial sığorta haqlarının müəyyən edilmiş müddətdə büdcəyə ödənilməməsi halında isə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən 0,01 faiz məbləğində dəbbə pulu hesablanır.
Dövlət məktəbində repetitorluğa məhdudiyyət
Dövlət təhsil müəssisələrində çalışan müəllimlərin repetitorluq fəaliyyəti də əmək intizamı və antikorrupsiya tələbləri çərçivəsində tənzimlənir.
Pedaqoqların fərdi tədris fəaliyyətini dövlət məktəbinin binasında, təhsil müəssisəsinə məxsus resurslardan istifadə etməklə və ya rəsmi iş saatları ərzində həyata keçirməsinə yol verilmir.
Belə hallar Əmək Məcəlləsinin tələblərinin və daxili intizam qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bu halda həmin şəxslərə şifahi xəbərdarlıq, töhmət və şiddətli töhmət kimi intizam tənbehləri tətbiq oluna, bəzi hallarda isə əsas və ya köməkçi vəzifədən azad edilmə ilə nəticələnə bilər.

