Azərbaycanın tanınmış diktoru, Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov sosial media hesabında məlumat yayıb.
O, Züleyxa Hacıyevanın vəfatı ilə bağlı paylaşımında onun uzun illər Azərbaycan radiosuna xidmət etdiyini vurğulayıb:
“103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs… Allah rəhmət eləsin”.
Züleyxa Hacıyeva 25 avqust 1923-cü ildə Bakıda anadan olub. O, yalnız diktorluq fəaliyyəti ilə deyil, idman sahəsindəki uğurları ilə də Azərbaycan tarixində iz qoyub. Hacıyeva XX əsrdə Azərbaycanın ən görkəmli idmançılarından biri hesab olunub.
O, hələ 1941-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. Bununla da Azərbaycanın ilk qadın idman ustalarından biri kimi tanınıb.
Züleyxa Hacıyevanın həyatının böyük hissəsi Azərbaycan radiosu ilə bağlı olub. O, 1942–1992-ci illərdə, 50 il ərzində Azərbaycan Radiosunda diktor kimi fəaliyyət göstərib. Bu illər ərzində “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı olub. Onun səsi uzun illər radio dinləyicilərinin yaddaşında qalıb.
Hacıyeva 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülüb. 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Beləliklə, Züleyxa Hacıyevanın 103 illik ömrü Azərbaycan radiosu, televiziya və idman tarixinin mühüm səhifələrindən biri ilə bağlı olub.
Allah rəhmət eləsin.

