Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini açıqlayıb.
Dövlət başçısı bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində danışıb.
İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb.
Prezident bildirib ki, 2026-cı ilin yanvar-may aylarında da artım davam edib. Bu dövrdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
Dövlət başçısı həmçinin üç il əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iki ölkə arasında investisiya əməkdaşlığının inkişafında mühüm rol oynadığını qeyd edib.
İlham Əliyev nəqliyyat sahəsində də göstəricilərin artdığını vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə bu göstəricidə 12,2 faiz artım qeydə alınıb və daşınan yüklərin həcmi 675 min ton təşkil edib.
Prezident Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərdiyini də bildirib.
O, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələrə də toxunub. Bunlar arasında Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin inşası qeyd olunub.
İlham Əliyev Azərbaycan və Özbəkistan arasında münasibətlərin hazırda müttəfiqlik səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin bu tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

