“Azərbaycan dilinin qoruyucuları bizik. Biz öz dilimizi qorumasaq, onu təmiz və saf saxlamasaq, zamanla dilimizi itirə bilərik.”
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, bəzi ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin istifadəsi zəifləyir və gündəlik danışıq dilində xarici sözlərə həddindən artıq üstünlük verilir.
“Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan dili qədim və zəngin dildir, milyonlarla insanın ana dilidir və xarici sözlərdən asılı olmağa ehtiyac yoxdur.
“Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”, – deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, beynəlxalq leksikonda yer alan sözlərdən istifadə təbiidir. Lakin Azərbaycan dilində qarşılığı olan sözün əvəzinə xarici kəlmənin işlədilməsi yolverilməzdir.
“Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, – deyə İlham Əliyev əlavə edib.
Dövlət başçısı sonda vurğulayıb ki, ana dili xalqın milli kimliyinin əsas sütunlarından biridir və onun qorunması istiqamətində bütün cəmiyyət birgə məsuliyyət daşıyır.

