Azərbaycanda avtomobillərin sayı 2 milyona yaxınlaşır – Bakını nə gözləyir?-VIDEO

Azərbaycanda avtomobillərin sayı 2 milyona yaxınlaşır – Bakını nə gözləyir?-VIDEO

Xəbər Yerində xəbər verir ki, Azərbaycanda avtomobillərin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. 2025-ci ilin nəticələrinə əsasən, ölkədəki avtomobillərin ümumi sayı 1 milyon 934 min 598-ə yüksəlib. Son beş ildə avtomobil parkının 31,3 faiz genişləndiyi bildirilir.

Avtomobilləşmənin sürətlənməsi xüsusilə Bakıda nəqliyyat sıxlığı və parklanma məsələsini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, əsas problem yalnız avtomobillərin sayının çoxalması deyil, şəxsi nəqliyyatdan istifadə vərdişlərinin dəyişməməsidir.

Şəxsi avtomobilə üstünlük artır

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayevin fikrincə, Azərbaycanda avtomobillərin sayı inkişaf etmiş ölkələrlə müqayisədə hələ yüksək səviyyədə deyil. Onun sözlərinə görə, əsas çətinlik insanların gündəlik səfərlərdə şəxsi avtomobilə həddindən artıq üstünlük verməsidir.

Ekspert hesab edir ki, xüsusilə Bakıda qısa məsafələr üçün belə avtomobildən istifadə edilməsi küçələrdə əlavə yük yaradır. İctimai nəqliyyat və mikromobillik imkanlarının genişləndirilməsi isə bu yükün azaldılmasına kömək edə bilər.

Mustafayevin fikrincə, avtobus zolaqlarının artırılması, velosiped yollarının inkişaf etdirilməsi və alternativ nəqliyyat vasitələrinin daha əlçatan olması vacibdir. Onun qənaətincə, vətəndaşlara avtomobil almağı məhdudlaşdırmaq əvəzinə, şəxsi nəqliyyatdan istifadəni azaltmağa imkan verən alternativlər yaradılmalıdır.

Avtomobillərin sayı artmaqda davam edəcək

Nəqliyyat eksperti Adil Nəbiyev isə son beş ildə avtomobil parkının 31,3 faiz artmasını diqqətçəkən göstərici hesab edir.

Onun sözlərinə görə, Bakı və Abşeronda yaşayış ərazilərinin genişlənməsi, gündəlik səfərlərin uzaqlaşması və bəzi ailələrin ikinci avtomobilə ehtiyac duyması avtomobilləşməni sürətləndirən amillərdəndir.

Ekspert hesab edir ki, şəhərətrafı ərazilərdən paytaxta gələn insanlar üçün ictimai nəqliyyat sürətli və rahat alternativə çevrilmədikcə şəxsi avtomobildən istifadə tələbi yüksək olaraq qalacaq.

Yeni yollar problemi tam həll etməyə bilər

Nəqliyyat eksperti vurğulayıb ki, Bakı kimi artıq sıx məskunlaşmış şəhərdə yolların davamlı şəkildə genişləndirilməsi məhdud imkanlara malikdir.

Onun fikrincə, yalnız yeni körpülər, tunellər və yol layihələri hesabına tıxac problemini uzunmüddətli həll etmək mümkün deyil. Mövcud yol sahəsindən daha səmərəli istifadə, ictimai nəqliyyatın sürətləndirilməsi, metro və şəhərətrafı dəmir yolu imkanlarının genişləndirilməsi əsas istiqamətlər olmalıdır.

Əks halda, avtomobillərin artması hərəkət sürətinin azalmasına, vaxt itkisinin çoxalmasına, yanacaq sərfiyyatının yüksəlməsinə və iqtisadi itkilərin artmasına səbəb ola bilər.

Parklanma problemi də böyüyür

Avtomobillərin sayının artması paytaxtda parklanma tələbatını da artırır. Ekspertlər hesab edirlər ki, problemi şəhərin bütün küçələrini dayanacağa çevirməklə həll etmək mümkün deyil.

Çoxmərtəbəli və yeraltı parklanma məntəqələrinin yaradılması, qanunsuz dayanmanın qarşısının alınması və ictimai nəqliyyat qovşaqlarının yaxınlığında avtomobili saxlayaraq səfəri metro və ya avtobusla davam etdirməyə imkan verən sistemlərin qurulması daha səmərəli həll kimi qiymətləndirilir.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir