Bakı metropolitenində gecə saatlarında baş verən texniki nasazlıq səbəbindən qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Xeberyerinde Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Azadlıq Prospekti” stansiyasının platformasında olan sərnişinlər təhlükəsizlik məqsədilə ərazidən çıxarılıblar.
Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib.
Onun sözlərinə görə, iyulun 29-u saat 23:55-də metropoliteni qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi” – “Dərnəgül” sahəsində qatarların hərəkəti müvəqqəti dayanıb.
Bildirilib ki, operativ tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və metro normal iş rejimində fəaliyyətini davam etdirib.

