Azərbaycanın rayonlarından birində yataq xəstəsi olan 74 yaşlı anasına qarşı cinsi xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə o, Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs anasının kömək çağırışlarına və yalvarışlarına baxmayaraq, onu şalvar kəməri ilə döyərək fiziki və psixoloji əzab verib.
Məhkəmədə o, ittiham üzrə özünü təqsirli bildiyini desə də, əlavə ifadə verməkdən imtina edib. İlkin istintaq zamanı isə əməli spirtli içkinin təsiri altında törətdiyini iddia edib.
İstintaq materiallarına əsasən, iki ildir yataq xəstəsi olan qadına qarşı törədilən zorakılıq hərəkətləri təqsirləndirilən şəxsin həyat yoldaşı tərəfindən videoya çəkilib. Qadın hadisənin qarşısını almaq məqsədilə görüntüləri zərərçəkmişin bacısına göndərib.
Yaşlı qadının vəfatından sonra onun bacısı məhkəmədə hüquqi varis qismində iştirak edib və təqsirləndirilən şəxsi bağışladığını bildirib.
Məhkəmə araşdırması zamanı həmin zorakılıq əməllərinin bir neçə dəfə təkrarlandığı müəyyən edilib.
Mənbə: Xitab24

