Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.
Mərasim zamanı Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, daha sonra isə növbəti dünya çempionatının ev sahibi olan Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Bununla 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Bakıda keçiriləcəyinə dair simvolik mərasim baş tutub.
Həm Frankfurtda keçirilən builki mundial, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq yarış Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Bakıda keçiriləcək dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın Olimpiya lisenziyası qazanmaq imkanı olacaq.
Beləliklə, Azərbaycan həm dünya çempionatına ev sahibliyi edəcək, həm də gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından mühüm təsnifat mərhələlərindən birini qəbul edəcək.

