Bakının Bayıl qəsəbəsində ev üstündə ana ilə oğul arasında mübahisə yaranıb. Oğul anasının onu evdən çıxarmaq istədiyini və bıçaqla xəsarət yetirdiyini iddia edir. Ana isə oğlunun ailəsinə problem yaratdığını bildirərək ona evdən pay vermək istəmədiyini deyir.
Xəbər Yerində xəbər verir ki, “Real” TV-nin süjetində Sənubər Hüseynova ilə oğlu Məhəmməd Əliyev arasındakı mülk mübahisəsindən bəhs olunub.
Məhəmməd Əliyevin sözlərinə görə, atası ilə anası ayrıldıqdan sonra o, qardaşı ilə birlikdə həmin evdə yaşayıb. Bir neçə ay əvvəl xarici ölkədən yeni həyat yoldaşı ilə qayıdan anası isə onu evdən çıxarmaq istəyib.
Məhəmməd iddia edir ki, mübahisəli ev atasına məxsus olub və onun həmin evdə yaşamaq, yaxud ev satılacağı təqdirdə öz payını almaq hüququ var. O, bir neçə aydır dostlarının evində qaldığını da bildirib.
Ana Sənubər Hüseynova isə oğlunun evdə yaşadığı müddətdə ona və həyat yoldaşına problemlər yaratdığını iddia edib. Onun sözlərinə görə, oğlunun evdən çıxması üçün ona kirayə pulu da verib.
Hüseynova oğluna evdən pay verib-verməyəcəyinin hələ bəlli olmadığını bildirərək, “Sənin kimi övlada heç nə vermirəm. O biri oğluma verərəm, amma sənə yox”, – deyib.
Oğul anasını bıçaqlamaqda ittiham edir
Məhəmməd Əliyev anasının mübahisə zamanı ona bıçaqla xəsarət yetirdiyini iddia edib. Sənubər Hüseynova isə bu iddianı təkzib edərək oğlunun xəsarətlərinin skuterdən yıxılması nəticəsində yarandığını söyləyib.
Süjetdə qonşuların da ailə arasında uzun müddətdir münaqişənin olduğunu bildirdikləri qeyd olunub.
Mübahisəli ev necə bölünə bilər?
Süjetdə danışan hüquqşünasın izahına görə, evin satılması və oğulun həmin əmlakdan istifadə hüququ məsələsi onun hüquqi statusundan asılıdır. Əgər oğulun evdən istifadə hüququ varsa, bu hüquqa xitam verilməsi üçün məhkəməyə müraciət edilməli və qanunvericiliyə uyğun kompensasiya məsələsi nəzərdən keçirilməlidir.
Tərəflər arasında razılıq əldə olunmadığından mübahisənin məhkəmə yolu ilə həlli mümkün variant kimi göstərilib.
Qeyd edək ki, tərəflərin səsləndirdiyi ittihamlar və iddialar müstəqil şəkildə təsdiqlənməyib.

