Hollivudun məşhur aktyoru Ceki Çan Bakıda film çəkilişləri çərçivəsində paytaxtın tarixi məkanlarını ziyarət edib.
Məlumata görə, aktyor xüsusi mühafizənin müşayiəti ilə avtomobillə İçərişəhərdə gəzinti edib. Onu görən çoxsaylı sakin və turist, xüsusilə gənclər və uşaqlar Ceki Çanı yaxından görmək üçün avtomobilə yaxınlaşıb, aktyoru salamlayaraq xatirə şəkilləri çəkdiriblər.
Xatırladaq ki, Ceki Çan avqustun 4-də “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) filminin çəkilişləri üçün Azərbaycana gəlib. O, ekran əsərində məşhur “Asian Hawk” (“Asiya qartalı”) obrazını yenidən canlandıracaq.
2027-ci ildə nümayişi planlaşdırılan filmin bəzi səhnələri Bakının simvolik məkanlarında – İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanında lentə alınır.

