Xəbər Yerində xəbər verir ki, Qarabağdakı separatçı rejimin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanın doğum günüdür.
Ermənistan mediasında onun doğum günü ilə bağlı məlumatlar yayılıb və Mnatsakanyanın qanunsuz həbsdə saxlanıldığı iddia edilib. Azərbaycanda isə onun məhkəmədə sübuta yetirilmiş ağır cinayətlərə görə cəzalandırıldığı bildirilib.
1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olan Mnatsakanyan sovet ordusunda xidmət edib, daha sonra hərbi təhsil alıb.
O, Qarabağ münaqişəsi zamanı separatçı qüvvələrin hərbi rəhbərlərindən biri olub və 2015–2018-ci illərdə qanunsuz rejimin “müdafiə naziri” vəzifəsini tutub.
Mnatsakanyan 2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə onu təcavüzkar müharibənin planlaşdırılması və aparılması, əhalinin məhv edilməsi, qanunsuz azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarının pozulması, qəsdən adam öldürmə, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilib.
Mnatsakanyanın müdafiə tərəfi isə məhkəmə prosesində ittihamlarla razı olmadığını bildirib və hökmündən apellyasiya şikayəti verib. Onun işi üzrə apellyasiya baxışı da keçirilib.
Tarixçi alim, dosent Zaur Əliyev isə Mnatsakanyanın Qarabağ münaqişəsi illərində azərbaycanlılara qarşı törədilən bir sıra ağır cinayətlərdə rol aldığını iddia edib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Mnatsakanyanla yanaşı bir sıra digər separatçı rejim nümayəndələri də müxtəlif müddətlərə, o cümlədən ömürlük həbs cəzasına məhkum ediliblər.
Mənbı: Globalinfo.az

