Bakının Nərimanov rayonunda yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verib.
Xeberyerinde Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Nadir Əliyev küçəsi 5 ünvanında qeydə alınıb. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Müəyyən edilib ki, yanğın binanın ikinci mərtəbəsində yerləşən ofisdə baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınaraq yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı binada köməksiz vəziyyətdə qalan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı ofisin bir otağı 30 kvadratmetr sahədə və otaqdakı əşyalar yanıb. Ofisin digər otaqları, eləcə də binadakı digər obyektlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

