Bakıda sıxlığın azaldılması üçün yeni layihə – Tunel tikiləcək

Bakıda sıxlığın azaldılması üçün yeni layihə – Tunel tikiləcək

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyatın hərəkətinin yenidən təşkili planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, sözügedən qovşaq şəhərdaxili və tranzit nəqliyyat axınlarının kəsişdiyi əsas məntəqələrdən biridir. Xüsusilə pik saatlarda müxtəlif istiqamətlərdən gələn avtomobillərin eyni kəsişmədən hərəkəti ərazidə sıxlıq və gecikmələrə səbəb olur.

Qovşaqda yeni yol infrastrukturu yaradılacaq

AAYDA-nın layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əhəmiyyətli dərəcədə dəyişdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, ərazidə:

  • tunel tipli yolötürücüsü;
  • dairəvi hərəkətin təşkil ediləcəyi yolayrıcı;
  • Qaradağ istiqamətində yan yol

yaradılacaq.

Yeni yol həllinin əsas məqsədi müxtəlif istiqamətlərdən gələn nəqliyyat axınlarının bir nöqtədə cəmlənməsinin qarşısını almaqdır.

Nəqliyyat axınları ayrılacaq

Layihəyə əsasən, hərəkətin müxtəlif səviyyələr üzrə təşkili nəzərdə tutulur. Bunun nəticəsində nəqliyyat vasitələrinin bir-birinə mane olduğu manevrlərin sayının azaldılması, həmçinin qovşağa giriş və çıxışların daha sistemli şəkildə təşkil edilməsi planlaşdırılır.

Ərazidə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq infrastrukturun yaradılması da layihəyə daxil edilib.

20 Yanvar və “Şamaxinka” istiqamətində də təsir göstərəcək

AAYDA bildirir ki, yeni yol həllinin təsiri yalnız Məhəmməd Xiyabani küçəsi ilə məhdudlaşmayacaq.

Qovşaqda nəqliyyatın hərəkətinin yenidən təşkili 20 Yanvar, “Şamaxinka” və Qaradağ istiqamətlərində mövcud nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə imkan verəcək.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir