Birinci Qarabağ müharibəsində itkin düşən və nəş qalıqları uzun illər sonra müəyyən edilən Akif Qurbanovun qardaşı Arif Qurbanov qardaşı və onun döyüş yoldaşları barədə danışıb.
Arif Qurbanov bildirib ki, özü də qardaşı ilə eyni vaxtda cəbhədə döyüşüb. Onun sözlərinə görə, Akif Qurbanov və döyüş yoldaşları böyük qəhrəmanlıq göstərərək şəhid olublar.
“Akif əsgər idi. Qardaşım və döyüş yoldaşları böyük qəhrəmanlıqla şəhid olublar. Tarix boyu biz torpaqlarımızı qorumaq və geri qaytarmaq üçün çalışmışıq. Biz bu gün müstəqilik, torpaqlarımız geri qaytarılıb”, – deyə o bildirib.
Arif Qurbanov həmin dövrdə keçdikləri ağır döyüşlərdən də danışıb. O qeyd edib ki, onların qarşısında yalnız irəliləmək və mübarizə aparmaq məqsədi olub.
“Biz bilirdik ki, torpaqlarımızı müvəqqəti itirəcəyik, əsas müstəqil Azərbaycanı saxlaya bilməkdir və buna da nail olduq”, – şəhidin qardaşı deyib.
O bildirib ki, Akiflə sonuncu dəfə birlikdə evə gəliblər. Daha sonra Arif Qurbanov Ağdama, qardaşı isə Füzuliyə yollanıb.
Mənbə: Report.az

