Sərnişinlərin ödənişsiz şəkildə “Avtovağzal” və “Xocəsən” metrostansiyalarından istifadə imkanlarını rahatlaşdırmaq məqsədilə həmin stansiyalar müntəzəm marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyənləşdirilib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən bir sıra marşrut avtobusları sözügedən dayanacaqlardan istifadə edəcək.
Belə ki, “Avtovağzal” metro stansiyasının “Piramida” istiqamətində yerləşən hissəsinin qarşısında müntəzəm marşrutlar üçün dayanacaq sahəsi qruplaşdırılaraq üç hissəyə bölünüb. Sərnişinlərin dayanacaqları daha asan müəyyən edə bilməsi üçün ərazi müvafiq nişanlarla təchiz olunub.
“Avtovağzal” stansiyasının qarşısında dayanacaqdan istifadə edəcək marşrutlar:
- Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli avtobuslar;
- Xırdalan şəhərindən gələn 119 və 135 nömrəli avtobuslar;
- Masazır kəndindən gələn 142, 525A və 525B nömrəli avtobuslar;
- Müşfiqabad qəsəbəsindən gələn 114A və 114B nömrəli avtobuslar;
- Hökməli qəsəbəsindən gələn 156 və 156A nömrəli avtobuslar;
- Sulutəpə qəsəbəsindən gələn 158 nömrəli avtobus;
- Çiçək qəsəbəsindən gələn 159 nömrəli avtobus;
- Binəqədi qəsəbəsindən gələn 170 nömrəli avtobus;
- Biləcəri qəsəbəsindən gələn 83A nömrəli avtobus.
AYNA-nın məlumatına görə, avtobusların dayanacaqdan sonra Bakı–Sumqayıt yoluna yenidən rahat və maneəsiz çıxışını təmin etmək üçün ərazidə ayrıca hərəkət zolağı da yaradılıb.
Bununla yanaşı, Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi “Xocəsən” metro stansiyasının ərazisində müəyyən edilib.

