Türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz ötən gün xəstəxanaya yerləşdirilməsindən sonra səhhəti ilə bağlı açıqlama verib.
“Xəbər Yerində” xəbər verir ki, sənətçi sosial media hesabında fotosunu paylaşaraq özünü necə hiss etdiyini izləyiciləri ilə bölüşüb.
Cem Yılmaz bildirib ki, “Gora” filminin çəkilişləri başa çatdıqdan sonra güclü yorğunluq hiss edib. Onun sözlərinə görə, çəkilişlər zamanı bunu hiss etdirməsə də, iş başa çatdıqdan sonra bədənində və sümüklərində ağrılar yaranıb.
Aktyor dünən sinə və kürək nahiyəsində güclü ağrı hiss etdiyini, bunun ardınca xəstəxanaya müraciət etdiyini qeyd edib. O, evə gedib dincəlməyə üstünlük versəydi, vəziyyətinin daha ağır ola biləcəyini bildirib.
C.Yılmaz onunla maraqlanan, zəng edən və xəstəxanaya baş çəkən hər kəsə təşəkkür edib. O, Türkiyənin səhiyyə nazirinin də ona keçmiş olsun mesajı göndərdiyini yazıb.
Aktyor həkimlərin ona stressdən uzaq qalmağı tövsiyə etdiyini də açıqlayıb. Paylaşımında səhhəti ilə bağlı narahatlığını bölüşən insanlara yumorla cavab verən Cem Yılmaz sonda vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
“Dostlar, çox sağ olun, vəziyyətim yaxşıdır”, – deyə o bildirib.

