Çin və Nepal sərhədində güclü sel və torpaq sürüşməsi baş verib.
Xarici KİV-lərin məlumatına görə, fəlakət nəticəsində Nepalda çoxsaylı yaşayış məntəqələri və infrastruktur dağılıb, Çin tərəfdə yerləşən Gyirong sərhəd-keçid məntəqəsinə gedən yollar, rabitə və elektrik təchizatı kəsilib.
Nepal Turizm Şurasının ilkin məlumatına əsasən, hadisənin baş verdiyi ərazilərdə 384 turist və səyyahdan xəbər yoxdur. Onlardan 291-i xarici vətəndaşdır.
Reuters-in məlumatına görə, təbii fəlakət nəticəsində Nepalda azı 9 nəfər həyatını itirib. Çin tərəfdə isə Gyirong limanında “əhəmiyyətli itkilər və itkinlər” olduğu bildirilib.
Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. İlkin ehtimallara görə, bölgədə qeydə alınan 4,4 maqnitudalı zəlzələ buz və qaya sürüşməsinə səbəb olaraq selin yaranmasına gətirib çıxara bilər.

