Sosial şəbəkələrdə saxta elan və hesablar üzərindən vətəndaşların aldadılması ilə bağlı halların artdığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dələduzlar müxtəlif rəqəmsal xidmətlər təklif edərək istifadəçiləri aldadırlar. Belə səhifələrdə hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş mesajların bərpası, “haker” xidmətləri və digər vədlərlə elanlar yerləşdirilir.
Vətəndaşdan ödəniş alındıqdan sonra isə vəd edilən xidmət göstərilmir. Bəzi hallarda isə şəxsi və bank məlumatlarının əldə edilməsinə cəhd olunur.
DİN bu cür təkliflərlə qarşılaşan şəxslərə xidmət göstərən şəxsin və ya səhifənin etibarlılığını əvvəlcədən araşdırmağı, tanımadıqları şəxslərə pul göndərməməyi və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edib.
Şübhəli halla qarşılaşan vətəndaşlar 102 Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial media hesablarına müraciət edə bilərlər.

