Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektron ticarət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Dəyişikliklər qanunun əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Prezidentin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, mövcud maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.
Hansı dəyişikliklər təklif olunur?
Qanun layihəsinə əsasən, “Elektron ticarət haqqında” qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə şamil olunmasını nəzərdə tutan məhdudiyyət aradan qaldırılır.
Bununla yanaşı, qanuna “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip daxil edilir. “POS-terminal” anlayışının dəqiqləşdirilməsi və mövcud təcrübəyə uyğunlaşdırılması da təklif olunur.
Sənəddə ödənişlərin həyata keçirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi, elektron ticarətdə ödəniş üsullarının inkişafından irəli gələn digər uyğunlaşdırıcı dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

