Bakıda avtobusda təhlükəli vəziyyət yaşanıb.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Əməkdar artist Elman Rəfiyev sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hadisə zamanı 85 saylı avtobusda sınıq şüşənin altında əyləşib.
Sənətçi qeyd edib ki, 67 saylı avtobusun qarşısında dayanaraq sərnişin düşürən 85 saylı avtobusda baş verən hadisə insanların həyatını təhlükəyə atıb.
Elman Rəfiyev daha əvvəl də oxşar halın yaşandığını xatırladaraq, avtobusların dayanacaqdan kənarda saxlamasının təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, avtobuslardan birinin digərini gözləmədən hərəkət etməsi nəticəsində güzgü onun oturduğu avtobusun arxa yan şüşəsinə dəyib və şüşə qırılaraq sərnişinlərin üzərinə tökülüb.
Əməkdar artist bildirib ki, başında şlyapa olduğu üçün daha ciddi xəsarətdən yayınıb və belə hallarda zərərçəkənlərə kompensasiya ödənilməli olduğunu qeyd edib.
Hadisə ilə bağlı daşıyıcı şirkətdən bildirilib ki, iyulun 13-də Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində 67 saylı marşrut xəttinə məxsus avtobusun güzgüsü 85 saylı avtobusun arxa şüşəsinə toxunub. Nəticədə şüşə sınıb, sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

