“Sea Breeze” istirahət mərkəzinin rəhbəri Emin Ağalarov ərazidə azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə ilə bağlı açıqlama yayıb.
“Xəbər Yerində” bildirir ki, Emin Ağalarov açıqlamasını sosial media hesabında paylaşıb.
O, öz adından və “Sea Breeze” komandasının adından mərhum uşağın ailəsinə dərin hüznlə başsağlığı verib.
Ağalarov bildirib ki, hazırda hadisənin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına – qoruyucu hasarların arxasında su nasoslarının yerləşdiyi əraziyə necə düşməsi araşdırılır. Onun sözlərinə görə, “Sea Breeze” rəhbərliyi istintaqa hərtərəfli dəstək göstərir.
Emin Ağalarov təhlükəsizlik məsələlərinin “Sea Breeze” üçün əsas prioritet olduğunu vurğulayıb. O qeyd edib ki, kurortun ərazisi və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən yoxlanılır.
Açıqlamada həmçinin bildirilib ki, hadisədən sonra bütün təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçiriləcək və əlavə tədbirlər görüləcək. Ağalarov ailəyə lazımi dəstək və yardım göstəriləcəyini də bildirib.


