“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Xəbər Yerində xəbər verir ki, sentyabrın 20-də Azərbaycanın neft tarixində mühüm hadisələrdən biri olan “Əsrin müqaviləsi”nin imzalanmasının 32-ci ildönümü qeyd olunur. Eyni zamanda, bu tarix neft-qaz sektorunda çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd edilir.

APA-nın məlumatına görə, “Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişidir.

Saziş 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında imzalanıb. Müqavilə ilkin olaraq 30 il müddətinə nəzərdə tutulub.

“Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Milli Məclisdə ratifikasiya edilib və iki gün sonra – dekabrın 14-də qüvvəyə minib.

Sazişin imzalanması Azərbaycanın müstəqillik dövründə enerji sektorunun inkişafı baxımından mühüm mərhələ hesab olunur. Müqavilə keçmiş Sovet İttifaqı məkanında Qərbin transmilli şirkətlərinin həyata keçirdiyi ilk iri investisiya layihələrindən biri kimi tarixə düşüb.

20 sentyabrın Neftçilər Günü kimi qeyd olunması isə Ulu Öndər Heydər Əliyevin 2001-ci il avqustun 16-da imzaladığı fərmanla rəsmiləşdirilib.

Hər il bu tarixdə ölkənin neft-qaz sənayesində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr diqqətə çatdırılır. Peşə bayramı münasibətilə sahənin inkişafında xüsusi xidmətləri olan əməkdaşlar dövlət başçısının sərəncam və fərmanları ilə fəxri ad, orden və medallarla təltif edilirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir