Moskvaya kütləvi PUA hücumu: ölənlər və yaralananlar var

Moskvaya kütləvi PUA hücumu: ölənlər və yaralananlar var

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayətində genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumu qeydə alınıb.

Xəbər Yerində xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna tərəfindən həyata keçirildiyi bildirilən PUA hücumunun qarşısını alıb. Onun sözlərinə görə, ötən gündən başlayaraq müxtəlif istiqamətlərdə 1,6 mindən çox pilotsuz aparat zərərsizləşdirilib.

Hücum Moskva vilayətinin bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub. Orexovo-Zuyevoda yaşlı kişi, Sofyinoda isə bir qadın həyatını itirib. Daha beş nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında iki uşağın da olduğu və onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Leninski şəhər dairəsində də bir nəfərin xəsarət aldığı qeyd olunub.

Moskvada isə neft emalı zavodunun ərazisindəki obyektlərdən birinə ziyan dəyib. İlkin məlumata əsasən, burada xəsarət alan olmayıb.

Ramenskoyedə PUA-nın yaşayış binasına düşməsi nəticəsində 21 mərtəbəli binanın damında yanğın baş verib. Hadisə ilə əlaqədar 400 nəfər, o cümlədən 70 uşaq binadan təxliyə olunub. Bundan başqa, 20 avtomobilə ziyan dəyib. Ərazi rəhbəri Eduard Malışev ticarət mərkəzinə də PUA düşdüyünü açıqlayıb.

Sofyinoda isə PUA hücumu anbar kompleksinin ərazisində yanğına səbəb olub. Alovun söndürülməsi üçün hadisə yerinə səkkiz yanğınsöndürmə briqadası göndərilib.

İstrada da yaşayış binasına və müəssisələrdən birinə zərər dəydiyi bildirilir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir