Ölkə ərazisində müşahidə olunan qızmar hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara müraciət edib.
FHN-dən bildirilib ki, bu gün və sabah Azərbaycanda, o cümlədən Bakı və Abşeron yarımadasında havanın temperaturunun bəzi yerlərdə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Belə hava şəraitində insanların sərinləmək və istirahət etmək üçün kütləvi şəkildə su hövzələrinə üz tutacağı gözlənilir.
Nazirlik qeyd edib ki, təhlükəsizlik qaydalarına əməl olunmaması hər il olduğu kimi bu dəfə də bədbəxt hadisələrə səbəb ola bilər. Bu baxımdan vətəndaşlara su hövzələrində davranış qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.
Xatırladılıb ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə – kanal, çay, arx və digər su hövzələrində çimmək, həmçinin çimmə zonasının müəyyən edilmiş sərhədlərindən kənara üzmək qadağandır. Bundan başqa, xilasetmə vasitələri istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq yolverilməzdir.
FHN valideynlərə də çağırış edərək uşaqları çimərlikdə nəzarətsiz buraxmamağı, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib. Həmçinin qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanıb.
Nazirlik bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatının qorunmasının əsas şərtidir.

