Gözlər ürək xəstəliyinin xəbərçisidir? Alimlərdən təəccüblü kəşf

Gözlər ürək xəstəliyinin xəbərçisidir? Alimlərdən təəccüblü kəşf

Xəbər Yerində xəbər verir ki, gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) xəstəliyə diaqnoz qoyulmazdan illər əvvəl müəyyənləşdirməyə kömək edə bilər.

London Universitet Kollecinin Oftalmologiya İnstitutunun alimləri bu qənaətə gəliblər. Araşdırmanın nəticələri “PLOS Digital Health” jurnalında dərc olunub.

Tədqiqatçılar iki böyük araşdırmadan 89 664 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 6 261 nəfərdə artıq QF diaqnozu olduğu müəyyənləşdirilib.

Nəticələrə əsasən, QF olan şəxslərin tor qişasının bəzi təbəqələri orta hesabla daha nazik olub. Maraqlısı isə odur ki, xəstəlik hələ aşkarlanmadığı halda, sonradan QF diaqnozu alan insanlarda da oxşar dəyişikliklər müşahidə edilib. Bu fərqlərin xəstəliklə bağlı xəstəxanaya müraciətdən təxminən dörd il əvvəl üzə çıxdığı müəyyənləşdirilib.

Alimlərin fikrincə, tor qişadakı bu dəyişikliklər ürək ritminin daha ətraflı yoxlanılmasına ehtiyacı olan şəxsləri əvvəlcədən müəyyənləşdirmək üçün əlavə göstərici ola bilər.

QF ürəyin nizamsız döyünməsi ilə xarakterizə olunur və bəzi hallarda heç bir aşkar əlamət vermir. Xəstəlik qan laxtalarının yaranması və nəticədə insult riskinin artması ilə əlaqələndirilir.

Bununla belə, mütəxəssislər göz skanının elektrokardioqrafiyanı (EKQ) əvəz edə bilməyəcəyini vurğulayırlar. Metodun klinik praktikada tətbiqi üçün əlavə araşdırmaların nəticələri gözlənilir.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir