Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
“Xəbər Yerində” xəbər verir ki, avqustun 30-u axşam saatlarından sentyabrın 1-i səhərədək paytaxt və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı proqnozlaşdırılır.
Məlumata görə, xüsusilə 31 avqust axşamı yağışın qısamüddətli və intensiv olacağı ehtimal edilir. Bu zaman şimşək çaxacağı da gözlənilir.
Hava şəraitinin pisləşməsi yalnız Bakı və Abşeronla məhdudlaşmayacaq. Sentyabrın 1-dək ölkənin bəzi rayonlarında da yağış, leysan və şimşək çaxacağı, ayrı-ayrı ərazilərdə isə dolu düşəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar olaraq dağ çaylarında suyun səviyyəsinin qısa müddətə artması və sel keçməsi riski də istisna edilmir.
Sakinlərə hava şəraitindəki dəyişikliklərlə bağlı diqqətli olmaları tövsiyə olunur.

