Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizdə baş verən bədbəxt hadisə ölümlə nəticələnib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə baş verib. Dənizdə 4 nəfərin batması barədə məlumat daxil olduqdan sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Operativ xilasetmə əməliyyatı nəticəsində 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas edilərək təhlükəsiz yerə çıxarılıb.
Axtarışlar zamanı isə 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha vətəndaşları nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, eləcə də küləkli hava şəraitində dənizə girməməyə çağırıb.

