Kanar adalarının qərbində, Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi arasında təhlükəli insident yaşanıb.
“Bild”in məlumatına görə, hadisə iyulun 10-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb.
“Iberia” aviaşirkətinə məxsus “Airbus A321” və “Air Europa”nın “Boeing 787” təyyarələri təxminən 11 min metr yüksəklikdə qarşı-qarşıya hərəkət edərkən TCAS toqquşma xəbərdarlığı sistemi işə düşüb. Sistemin göstərişinə əsasən, bir təyyarə hündürlüyünü azaldıb, digəri isə yüksəlib və bununla da mümkün toqquşmanın qarşısı alınıb.
Hər iki təyyarə marşrutunu təhlükəsiz davam etdirərək təyinat hava limanlarına eniş edib. Hadisə ilə bağlı İspaniyanın Mülki Aviasiya Hadisələrinin və Qəzalarının Araşdırılması Komissiyası araşdırmalara başlayıb.
Mənbə: APA

