İlham Əliyev Almaniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Almaniyanın yeni səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev ötən ay Almaniyaya rəsmi səfərini xatırladaraq, Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə məhsuldar müzakirələr apardığını bildirib. Dövlət başçısı iki ölkənin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.

İlham Əliyev Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb. O bildirib ki, sənəd Azərbaycan-Almaniya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Görüşdə ticarət, investisiya və biznes, ənənəvi və bərpaolunan enerji, təhsil sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub.

Tərəflər Azərbaycan-Avropa İttifaqı münasibətlərindəki müsbət dinamikanı qeyd edib, Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarından Almaniya şirkətlərinin gələcəkdə daha geniş istifadəsi məsələsinə toxunublar.

Dirk Lölken Almaniya hökumətinin Prezident İlham Əliyevin Almaniyaya səfərinin nəticələrindən məmnun olduğunu bildirib və əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.

Görüşdə regional sülh məsələsinə də toxunulub. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərini davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu vurğulayıb.

Dövlət başçısı Almaniyanın yeni səfirinə fəaliyyətində uğurlar arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir