İlham Əliyev BMT-nin Azərbaycandakı yeni nümayəndəsini qəbul edib-FOTO

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni nümayəndəsini qəbul edib-FOTO

Görüşdə Qarabağdakı bərpa işləri, mina təhlükəsi və ekoloji problemlər müzakirə olunub

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. Şlapaçenko görüş zamanı etimadnaməsini dövlət başçısına təqdim edib.

Azərbaycan-BMT əməkdaşlığı diqqətdə

İlham Əliyev Azərbaycanla BMT arasında əməkdaşlığın genişləndiyini bildirib. Dövlət başçısı ölkəmizdə COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirlərin keçirildiyini, bu il isə BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil olunacağını qeyd edib.

Dmitri Şlapaçenko Azərbaycanın BMT üçün mühüm tərəfdaş olduğunu vurğulayıb və Bakının beynəlxalq tədbirlərə ev sahibliyini yüksək qiymətləndirib.

BMT-dən mina probleminə dəstək

Görüşdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunulub.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə mina probleminin bərpa prosesinə ciddi maneə yaratdığını bildirib. Buna baxmayaraq, Azərbaycanın minatəmizləmə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Dmitri Şlapaçenko isə BMT-nin mina təhlükəsinin aradan qaldırılması istiqamətində Azərbaycana dəstək göstərməyə və beynəlxalq təcrübəsini bölüşməyə hazır olduğunu deyib. O, yaxın vaxtlarda Qarabağa səfər edəcəyini də bildirib.

Transsərhəd çaylar və Xəzərin səviyyəsi müzakirə edildi

Görüşdə regiondakı transsərhəd çayların ekoloji vəziyyətinin yaxşılaşdırılması, bu istiqamətdə monitorinqlərin aparılması və Xəzər dənizində suyun səviyyəsinin azalması məsələləri də müzakirə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir