Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerlə görüşüb.
Britaniyalı nazir sərgilərin əhəmiyyətindən danışıb
Xəbər Yerində President.az-a istinadən xəbər verir ki, görüş zamanı Lord Vernon Kioaker Azərbaycanda olmaqdan və Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edib.
O, qəbula görə dövlət başçısına təşəkkürünü bildirib.
Britaniyalı nazir Bakıda təşkil olunan “ADEX 2026” və “Securex Caspian” sərgilərinə də toxunub. O, Birləşmiş Krallığın bu tədbirlərdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib və sərgilərin yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb.
Lord Vernon Kioaker Azərbaycanı Birləşmiş Krallıq üçün mühüm dost ölkə kimi xarakterizə edib. O, iki ölkə arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Müdafiə sənayesində yeni əməkdaşlıq mərhələsi
Prezident İlham Əliyev isə Lord Vernon Kioakerə sərgilərdə iştirakına görə təşəkkür edib.
Dövlət başçısı “ADEX” sərgisinin artıq uzun illərdir beynəlxalq əhəmiyyətli tədbirə çevrildiyini bildirib.
Görüşdə Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində müdafiə sənayesi istiqamətində yeni əməkdaşlıq mərhələsinin başladığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın 20 ildən artıq müddətdir müdafiə sənayesinə investisiya yatırdığını qeyd edib. Bildirilib ki, hazırda ölkədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac məqsədilə müxtəlif məhsullar istehsal olunur.
Dövlət başçısı müasir silah və hərbi avadanlıqların Azərbaycana gətirilməsi, eləcə də ölkədə birgə müəssisələrin yaradılması istiqamətində aparıcı şirkətlərlə mümkün əməkdaşlıq perspektivlərinə diqqət çəkib.
Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Krallıqla tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.







