Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev salamlarına görə təşəkkür edib və öz salamlarını da Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. “Bir millət, iki dövlət” prinsipi əsasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər enerji, alternativ enerji, logistika və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycan və Türkiyənin Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika bağlantısı yaratdığı bildirilib.
Görüş zamanı regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.






