Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışına qatılıb.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına layihənin imkanları və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 20 hektar olacaq şəhərciyin ilk mərhələsi 5 hektardan artıq ərazini əhatə edir. Bu mərhələdə ümumilikdə 20 min kvadratmetr tikili sahəsi yaradılıb.
Kompleksdə təhsil və tədqiqat imkanları ilə yanaşı restoranlar, market, tədbirlər zalı, idman meydançaları, istirahət zonaları, velosiped və piyada yolları, eləcə də parklanma sahələri yaradılıb.
Şəhərcikdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər üzrə təhsil alan 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb olunması planlaşdırılır. Layihənin tam gücü ilə fəaliyyətə başlamasından sonra gündəlik ziyarətçi sayının 3 min nəfərə yaxın olacağı gözlənilir.
Burada süni intellekt mərkəzi də fəaliyyət göstərəcək
“SABAH.city” ərazisində ASAN Süni İntellekt Mərkəzi yaradılıb. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə mərkəzin fəaliyyəti, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verib.
Məlumata görə, ASAN Süni İntellekt Mərkəzi dövlət qurumları, özəl sektor, tədqiqatçılar və fərdi istifadəçilər arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. İndiyədək burada 50 süni intellekt həlli təqdim olunub.
“INNOLAND” proqramlarından isə bu günədək 150 startap yararlanıb. Onlardan 4-ü xarici investorlar tərəfindən satın alınıb.
13 laboratoriya və 22 ofis sahəsi yaradılıb
İnnovasiya şəhərciyində üç universitet tərəfindən yaradılan 13 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərəcək. Burada süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya, nanofizika, kimya və telekommunikasiya kimi sahələrdə araşdırmalar aparılacaq.
Kompleksdə 12 startap üçün kovorkinq zonası və texnologiya şirkətləri, tədqiqat mərkəzləri və digər innovasiya iştirakçıları üçün 22 ofis sahəsi də nəzərdə tutulub.
Layihənin ilk mərhələsinə üç ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya şirkəti və 12 startap olmaqla ümumilikdə 23 əsas iştirakçı cəlb edilib.
“SABAH.city”nin əsas məqsədi elm, təhsil, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qurumları vahid məkanda birləşdirərək onların əməkdaşlığını gücləndirmək və yeni texnoloji həllərin inkişafına şərait yaratmaqdır.





















