Xəbər Yerində xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu “Ət-Taavun” və “Əl-Hilal” arasında keçirilən qarşılaşmada yaşanan hadisəyə münasibət bildirib.
“Ət-Taavun” azarkeşlərinin “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşi “Jota, Jota” şüarları ilə təxribata çəkməyə çalışması Ronaldunun narazılığına səbəb olub.
Sözügedən ifadə Neveşin yaxın dostu, ötən il avtomobil qəzasında həyatını itirən portuqaliyalı futbolçu Dioqu Jotaya işarə edib.
Ronaldu azarkeşlərin bu davranışını qəbuledilməz hesab edib və Səudiyyə Liqasının məsələyə müdaxilə etməli olduğunu bildirib.
“Liqa tədbir görməli və azarkeşlərin bu cür davranışını cəzalandırmalıdır. Bu, artıq futbol deyil və müəyyən hədlər olmalıdır. Belə davranan insanların bir daha stadiona buraxılmaması lazımdır”, – deyə Ronaldu vurğulayıb.
Qeyd edək ki, Dioqu Jota ötən ilin iyulunda qardaşı ilə birlikdə avtomobil qəzasında həyatını itirib. O, Ruben Neveşlə bir vaxtlar “Portu”, “Vulverhempton” və Portuqaliya milli komandasında komanda yoldaşı olub.
Mənbə: Oxu.az

