Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Dövlət başçısını müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb və raport verib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra dövlət başçısına “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsal sahəsində hazırlanan yeni insansız dəniz vasitələri təqdim olunub. SALVO silahlı insansız dəniz vasitələri və KAYRA kamikadze insansız dəniz vasitələrinin təyinatı, eləcə də taktiki-texniki göstəriciləri barədə Prezidentə məlumat verilib.
İlham Əliyev və Mehriban Əliyeva istehsalat sahəsində aparılan işlərlə tanış olublar. Ardınca yerli istehsal olan insansız dəniz vasitələrinin praktiki sınaqları keçirilib.
Səfərin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinin müzakirə olunduğu operativ müşavirə keçirilib.

































