Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Naxçıvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub və Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan şəhərində inşa olunan ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
Energetika naziri Pərviz Şahbazov layihələr barədə məlumat verib.
Bildirilib ki, gücü 25 MVt olan “Şəms 1” Günəş Elektrik Stansiyası 52 hektar ərazidə inşa edilir. Layihə çərçivəsində artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin cari ilin noyabrında yekunlaşdırılması planlaşdırılır.
Stansiyanın istifadəyə verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu isə 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Layihə nəticəsində hər il təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi gözlənilir.
Dövlət başçısı və birinci xanım gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında aparılan işlərlə də tanış olublar. Stansiyanın 50 hektar ərazidə inşası nəzərdə tutulur. Burada topoqrafik işlər tamamlanıb, geoloji tədqiqatlar isə davam edir. Tikinti işlərinə ilin sonunadək başlanılması planlaşdırılır.
“Qərbi Üfüq” stansiyasının istifadəyə verilməsindən sonra ildə təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacağı və 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi bildirilir.
Ümumilikdə Naxçıvanda günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü hazırda 2070 MVt təşkil edir. Bunun 108 MVt-ı Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə Naxçıvanda bu göstəricinin 158 MVt-a çatdırılması nəzərdə tutulur.











