Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təltifolunma mərasimi keçirilib.
Mirziyoyev İlham Əliyevə “Dostluq” ordeni təqdim edib
Mərasimdə çıxış edən Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə kimi qiymətləndirib.
O bildirib ki, iki ölkə arasında münasibətlər son illərdə sürətlə inkişaf edib, yeni Yol Xəritəsi qəbul olunub və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması barədə razılıq əldə edilib.
Mirziyoyev İlham Əliyevin Azərbaycanın inkişafına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və ölkənin ərazi bütövlüyünün bərpasına verdiyi töhfələri xüsusi vurğulayıb.
Özbəkistan Prezidenti iki xalqı ortaq tarix, mədəniyyət, dil və ənənələrin birləşdirdiyini qeyd edərək İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim edib.
İlham Əliyev Mirziyoyevə “Heydər Əliyev” ordeni verib
Azərbaycan Prezidenti çıxışında yüksək dövlət mükafatına görə Şavkat Mirziyoyevə təşəkkür edib.
İlham Əliyev iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin qısa müddətdə yeni mərhələyə yüksəldiyini bildirib. Dövlət başçısı bu yaxınlaşmanın əsasını xalqların ortaq kökləri, mədəniyyət və ənənələri ilə yanaşı, həyata keçirilən birgə layihələrin təşkil etdiyini vurğulayıb.
Prezident Qarabağın bərpasında Özbəkistanın göstərdiyi dəstəyi də xüsusi qeyd edib. O bildirib ki, Qarabağın yenidən qurulmasına ilk yardım göstərən ölkələrdən biri Özbəkistan olub.
“Yeni Daşkənd” layihəsi xüsusi qeyd olunub
İlham Əliyev Özbəkistanın son illərdəki inkişafını yüksək qiymətləndirib, Daşkənd, Səmərqənd və Xivədə həyata keçirilən şəhərsalma və infrastruktur layihələrinə toxunub.
O, “Yeni Daşkənd” layihəsini müasir şəhərsalmanın nümunəsi və Özbəkistanın inkişaf potensialının göstəricisi adlandırıb.
Dövlət başçısı kənd təsərrüfatı, sənaye, energetika və dağ-mədən sahələrində iki ölkənin birgə layihələrinin genişləndiyini, qarşılıqlı investisiyaların milyardlarla dollar təşkil edəcəyini bildirib.
Sonda İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycanla münasibətlərin inkişafına və iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni nəzərə alaraq onu Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib.
Daha sonra orden Azərbaycan Prezidenti tərəfindən Özbəkistan dövlət başçısına təqdim olunub.






















