İlham Əliyev “Yeni Daşkənd” layihəsi ilə tanış olub – VİDEO

İlham Əliyev “Yeni Daşkənd” layihəsi ilə tanış olub – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtında həyata keçirilən genişmiqyaslı “Yeni Daşkənd” şəhərsalma layihəsinə baxış keçirib.

“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı layihə ilə avqustun 23-də tanış olub.

Böyük şəhərsalma layihəsi

“Yeni Daşkənd” Özbəkistanın iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyalarını vahid konsepsiyada birləşdirən yeni şəhər modelidir.

Layihənin tam başa çatdırılmasından sonra burada 260 mindən artıq yeni iş yerinin yaradılması planlaşdırılır. Hazırda tikinti işlərinə 10 mindən çox əməkdaş cəlb olunub.

Enerji təminatında yeni texnologiya

Layihə çərçivəsində müasir texnoloji həllərdən də istifadə olunur.

“Yeni Daşkənd”də tətbiq edilən əsas innovasiyalardan biri trigenerasiya sistemidir. Bu texnologiya elektrik enerjisinin istehsalı ilə yanaşı, istilik və soyutma proseslərinin vahid sistem üzərindən idarə olunmasına imkan verir.

Dövlət qurumları və müasir infrastruktur

Layihənin ərazisində 60-dan çox dövlət qurumu üçün yeni inzibati binaların inşası həyata keçirilir.

Bundan əlavə, burada mehmanxanalar, restoranlar, xidmət və biznes mərkəzləri, turizm obyektləri, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər və idman qurğularının yaradılması nəzərdə tutulur.

Ərazidə “Yeni Özbəkistan” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi və tələbə şəhərciyi də inşa edilir.

“Şərq Baharı” kompleksi

“Yeni Daşkənd” layihəsinin mühüm hissələrindən biri “Şərq Baharı” yaşayış kompleksidir.

95 hektar ərazidə salınacaq kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır. Layihənin Mərkəzi Asiyanın ən böyük yaşayış komplekslərindən birinə çevriləcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir