“Xəbər Yerində” “Report”a istinadən xəbər verir ki, Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
Azərbaycan paracüdoçusu yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel Enqlişlə qarşılaşıb. İ.Zəkiyev rəqibini ipponla məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə ispaniyalı Qarros Suareslə üz-üzə gələn idmançımız bu dəfə də ipponla qalib gəlib. Bununla da İlham Zəkiyev Avropa çempionu titulunu 10-cu dəfə qazanıb.
Qeyd edək ki, Azərbaycan komandası qitə çempionatında daha iki medal əldə edib. Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) yarışda bürünc medal qazanıblar.

