Xəbər Yerində “APA”ya istinadən xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq.
Səhər saatlarından etibarən Formula 2 və Formula 1 pilotları Bakı trekinə çıxaraq həftəsonunun ilk sərbəst yürüşlərinə qatılacaqlar.
İlk olaraq Formula 2 pilotları trekə çıxacaq
Günün ilk sessiyası saat 10:00-da Formula 2 pilotlarının sərbəst yürüşü ilə başlayacaq. 45 dəqiqə davam edəcək sessiya zamanı pilotlar Bakı Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin sazlanmalarını yoxlayacaq və gün ərzində keçiriləcək iki sıralanma sessiyasına hazırlaşacaqlar.
Saat 12:30-da isə növbə Formula 1 pilotlarına çatacaq. Bir saat davam edəcək ilk sərbəst yürüşdə komandalar Bakı trekindəki mürəkkəb döngələrdə bolidlərinin texniki imkanlarını və “Pirelli” təkərlərinin dözümlülüyünü sınaqdan keçirəcəklər.
Bu sessiyada əldə ediləcək məlumatlar komandaların yarış strategiyasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyacaq.
Formula 2-də iki sıralanma sessiyası keçiriləcək
Saat 14:00 və 14:30-da Formula 2 pilotları ardıcıl iki sıralanma sessiyası üçün yenidən trekə çıxacaqlar.
Sıralanma turlarının yekununda sprint və əsas yarışlarda pilotların start mövqeləri müəyyənləşəcək.
Saat 16:00-da isə Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayacaq. Komandalar günün ilk sessiyasında əldə etdikləri məlumatlar əsasında işlərini davam etdirərək bolidlərin imkanlarını maksimum səviyyədə sınayacaq və tempə əlavə sürət qatmağa çalışacaqlar.
Formula 2 üçün genişləndirilmiş proqram
Qeyd edək ki, Azərbaycan Qran-Prisi çərçivəsində dəstək yarışını yalnız Formula 2 keçirdiyindən bu il Bakı mərhələsində seriya üçün genişləndirilmiş proqram tətbiq olunur.
Belə ki, Formula 2 həftəsonu ərzində bir sərbəst yürüş, iki sıralanma sessiyası, bir sprint və iki əsas yarış keçiriləcək.
Bakıda Kalvin Harris səhnəyə çıxacaq
Trekdəki mübarizədən əlavə, günün axşam saatlarında Formula 1 azarkeşləri üçün musiqi proqramı da təşkil olunacaq.
Dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kalvin Harris Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq.
“We Found Love”, “Summer” və “One Kiss” kimi dünya üzrə məşhur mahnıları ilə tanınan sənətçi Britaniyanın ən uğurlu rəqs musiqisi ifaçıları sırasında yer alır.

